Azərbaycan kəndlərinin adında ”ərəb” sözü hardandır?

Səadət Kərimi

Bildiyiniz kimi, VIII -IX əsrlərdə xilafət istila etdiyi ölkələrə ərəbləri köçürürdü. İstila edilmiş ölkələrə ərəblərin köçməsi və bu ölkələrdə məskən salması yalnız həmin ölkələr tamamilə işğal ediləndən və yeni ələ keçirilmiş ərazidə ərəb hakimiyyəti möhkəmləndikdən sonra başladı. Azərbaycana ilk dəfə köçmək haqqında ərəb tarixçisi Bəlazuri məlumat verir: ”Valid ibn Uqbə Azərbaycana gələndə əl-Əşəs ibn Qeys də onunla idi. Valid Azərbaycanı tərk edərkən əl-Əşəsi Azərbaycanın hakimi təyin etdi. Lakin Azərbaycan müqaviləni pozdu” (Azərbaycan xalqı üsyan etdi, Ziya Bünyadov, səh. 190). Əməvi xəlifələri ilk ərəb müstəmləkələrinə Azərbaycanda torpaq verib onları oturaq həyat tərzinə keçirməklə, eyni zamanda iki məqsədə nail oldular: birincisi, xəzinəni təqaüd vermək xərclərindən azad edir və ikincisi, yeni tutulmuş vilayətlərdə ərəblərin hakimiyyətini gücləndirirdilər. Lakin əvvəllər köçənlər yalnız ayrı-ayrı şəxslərdən ibarət olduğu halda, tez bir zamanda bütöv tayfalar yeni torpaqlara köçməyə başladılar.

Bəlazuri bildirir: ”Ərəblər Azərbaycanı tutduqdan sonra iki mahaldan – Kufə və Bəsrədən – və Suriyadan ərəb tayfaları oraya getdilər və onlardan hər biri bacardğı qədər torpaq tutdu. Bəziləri isə ərəb olmayanların (əcəmilərin) torpağını satın alırdılar. Bundan əlavə, kəndlərin əhalisi onların qulluqçusu oldu” (səh. 329).  Hərçənd Bəlazuri qeyd edir ki, ərəb kolonistlərinin yerli əhalidən aldıqları torpaqları, orada məskun olmuş ərəb döyüşçülərinin mülkiyyəti hesab etmək olmaz (səh. 222).

Əməvilər sülaləsinin süqutundan (750-ci il) sonra axırıncı Əməvi xəlifələrinin yüksək tutub arxalandıqları şimal tayfalarının imtiyazları tez yoxa çıxmağa başladı. Abbasilər cənubdakı ərəb tayfalarına arxalanaraq şimal tayfalarını tədriclə Azərbaycan və Arrandakı məskənlərindən çıxarmağa başladılar. Artıq Azərbaycanın birinci Abbasi hakimi Yəzid ibn Xatəm ül-Mükəlləbi yəmənliləri Azərbaycana köçürməyə başladı. Əlbəttə yerli əhali müqavimət göstərirdi. Sonrakı xəlifə, Harun ər-Rəşid, yeni siyasət başladı. Onun dövründə tayfaların yerləşdirilməsi və köçürülməsi məsələləri ilə məşğul olmağı özünün təyin etdiyi Azərbaycan və Arran canişinlərinə həvalə edildi.   

Vaxtilə ərəblərin məskən saldıqları yaşayış məntəqələrinin adında indiyədək ”ərəb” sözü qalmışdır. Həmin kəndlərin əhalisi indi də özünü ”ərəb” adlandırır və bunlar antropoloji cəhətdən başqalarından aydın fərqlənirlər. Bunların dəvəçilik peşəsi səhra əhalisindən, daha doğrusu, Ərəbistan yarımadası əhalisindən qalmadır. Həmin kəndlərdə yaşayanların dediyinə görə, keçən əsrin ortalarınadək onların bir hissəsi korlanmış ərəb dilində danışırdı (Vəliyev M.H. ”Azərbaycan əhalisi – etnoqrafik sərvətlər ”museyidir”, səh. 401-402). Bu kəndlər Xilafətin məhz şimal sərhədləri boyunca, əsas orta əsr ticarət yolları üzərində yerləşirdi.

Şərqdən qərbə doğru həmin kəndlər Azərbaycan Respublikasının aşağıdakı rayonlarındadır: [Dağıstan Respublikasında da orta əsrlərdə ərəb sərhəd hissələri yerləşmiş çoxlu yaşayış məntəqələri vardır, lakin biz Dağıstan Respublikasından danışmırıq, çünki bu məsələ ayrıca tədqiq edilməlidir.]

Quba – Ərəbli, Ərəbkeymuraz, Ərəbdəhnə, Ərəbhacı kəndləri;

Şamaxı – Ərəblər, Ərəbuşağı, Ərəbqədim, Ərəbşamlı, Ərəbşahverdi kəndləri. Bu kəndlər haqqında məlumat həm də N. K. Zeydlitsin əsərində (Н.К. Зейдлиц. Этнографический очерк Бакинской губернии, стр. 51-52, 65-66), Lyayster və Gursinin əsərində  (А.Ф. Ляйстер и Г. Ф. Чурсин. География Закавказья, стр. 326.) verilmişdir.

Kürdəmir – Ərəbqiyaslı, Ərəbçəltikçi, Ərəbsarvan;

Göyçay – Ərəbcərbirli, Ərəbxana, Ərəbmehdibəy (sonradan Axsu rayonuna aid edilmişdir), Ərəbşahverdi;

Salyan – ərəbbəbirxan, ərəbqardaşxan,

Lənkəran – Ərəb;

Ağdaş – Ərəb, Ərəbkukel, Ərəbbəsrə, Ərəbocaq, Ərəbşəkil, Ərəbşeyx;

Laçın  – Ərəb, Ərəbli,

Gədəbəy – Ərəbli kəndi və bir çox başqaları.

Biz, ancaq ayrıca ərəb adı daşıyan kəndləri bir-bir sadaladıq. Ətraflı toponomik tədqiqat işi görülərsə, belə kəndlərin sayı, şübhəsiz, artar.

F. A. Deminski “Bəzi məlumat….” əsərində qeyd edir ki, Şamaxının Ərəb kəndi – qədim Qafqazda ərəb adını daşıyan bütün məskun yerlər içərisində ən qədim və əhalisi ən çox olan kənddir. Hələ 1894 -cü ildə orada 236 ev var idi. Əhalisi köçəri həyat keçirirdi və “hökümətin gördüyü bütün tədbirlərə baxmayaraq, onları oturaq hala keçirmək baş tutmadı”. Bu barədə məlumat həm də A.N. Genkonun «Арабский язык и кавказоведение» kitabında verilmişdir.  

VII-IX əsrlər ərzində ərəb tayfalarının Azərbaycanda məskən salması və Azərbaycan əhalisi içərisində bunların izləri məsələsi, hələ P.K. Juze qeyd etdiyi kimi, “yalnız alim antropoloqların, dilçilərin, maddi mədəniyyət və xalq təsərrüfatı tarixini bilənlərin birgə səyi ilə“ elmi surətdə həll oluna bilər (П.Л. Жузе. Арабские племена в Закавказье, стр. 17).

Gördüyümüz kimi, ərəb mühacirləri Muğan, Şirvan və Arranda geniş ərazi tutmuşdular. Ərəblər həm qədim Bərdə – Beyləqan, Dərbənd və Şamaxı şəhərlərində, həm də yeni salınmış Kasal və Mütəvəkkiliyyədə yaşayırdılar (Ш. А. Месхиа. Из истории грузинского феодального города, стр. 34.). Səbəb nədir ki, külli miqdarda ərəbin Azərbaycan və Arranda olması və burada ərəb dilinin geniş yayılması Azərbaycan əhalisinin ərəbləşməsi ilə nəticələnmədi? Yəqin, əsasən ərəblərin və Arran əhalisinin müxtəlif dində olması buna mane oldu. İşğalçıların dili Azərbaycanda, həm də bütün Zaqafqasiyada (Dağıstan daxil olmaqla) müxtəlif millətləri bir-birinə bağlayan beynəlxalq bir dil olmuşdu. Yerli dillərlə – fars, türk, arran (alban), gürcü və erməni dilləri ilə yanaşı ərəb dilində də danışırdılar. İstəxri qeyd edir ki, “Azərbaycan, Ermənistan və Arranın dili fars və ərəb dilləri idi, lakin Dvin və onun ətrafındakı əhali ermənicə, Bərdə ətrafında isə albanca danışırdılar” (Əl- İstəxri, səh. 192).

Ziya Bünyadovun fikrincə, ola bilsin Arran əhalisinin bir hissəsi (albanlar) çox tez ərəbləşməyə məruz qalıb ərəblərlə qaynayıb-qarışmış, sonralar isə səlcuq türkləri gəldikdən sonra ərəblərlə birlikdə türkləşməyə məruz qalmışlar. Arranın dağ rayonlarında yaşayan albanların digər bir hissəsi isə erməniləşməyə məruz qalmışlar.

Ziya Bünyadovun fikrincə, deyilənlərin hamısı belə bir faktı izah edə bilər ki, vaxtilə Göyçə gölündən Dərbəndədək böyük bir ərazidə yaşayıb, öz kilsəsi, padşahları, knyazları, özünəməxsus mədəniyyəti olan albanlar kimi böyük bir xalqdan, indi Azərbaycan Respublikasının şimal-qərbində yaşayan və bilavasitə albanların nəsli olan bir neçə min udin istisna olmaqla, demək olar ki, heç bir iz qalmamışdır. İstilaçı ərəblər və yerli Arran knyazları tədriclə yaxınlaşmışlar və nəhayət, bu knyazlar o dərəcədə ərəbləşmişlər ki, xalis ərəb, müsəlman adları daşımağa başlamışlar, ərəb dili və mədəniyyəti qəbul etmişlər ki, belə ki, bu və ya digər feodalın hansı millətə və ya dinə mənsub olduğunu müəyyən etmək olmuşdur (Juze, səh. 207).  İstilaçı ərəblərdən asılı vəziyyətə düşmüş digər xalqların tarixində də eyni mənzərəni görmək olar. Lakin Azərbaycan və Arranın yerli əhalisi ilə ərəblər arasında tədricən əmələ gəlmiş siyasi və mədəni yaxınlaşma, məsələn, İspaniyada baş verdiyi kimi, mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa keçmədi. Ərəblərlə Azərbaycan və Arran əhalisi arasında başlanan yaxınlaşma prosesi əvvəlcə səlcuqların, sonra da monqolların hücumu ilə çox tez dayandırılmışdır.

Azərbaycandakı ərəblər, ərəb mədəniyyəti mərkəzləri ilə əlaqəni itirdikdən sonra, tədriclə ana dili və adətlərini unutmağa başlayıb, yerli türk əhalinin dilində danışmağa keçdilər, onlarla qaynayıb-qarışaraq, onların həyat tərzini, geyim,yemək, məskən və sairəni qəbul etdilər. Bunların hamısına ümumi din olan islam dininin etdiyi kömək az olmadı.

Ərəblər yerli əhali ilə o dərəcə qarışdılar ki, indi Azərbaycanda ərəb dilində danışan heç bir yaşayış məntəqəsi qalmamışdır (Deminski, səh. 15).     

Bünyadovun qənaətinə görə, Azərbaycan və Arranda məskən salmış istilaçı ərəblərin nə vaxtdan ana dilində danışmağı tərk etdikləri sualına cavab vermək çox çətindir, çünki köçmüş ərəblərin öz dillərini mühafizə edib saxlamaları “həmin vilayətdəki ərəb ünsürünün ümumi sayından asılı idi” (Bartold, V.V. səh. 30).  P.K. Juze belə güman edir ki, burada həmin proses tezi XV əsrdə baş vermişdir; həm də bu məsələdə P.K. Juze Orta Asiya və Əfqanistanla müqayisə edir, çünki həmin yerlərin bir hissəsi bu günədək ana dilində danışırlar (səh. 17).

Azərbaycan əhalisinin türkləşməsi məsələsi, illər boyu davam etmiş bu prosesin başlanğıcının aydınlaşdırılması çox mürəkkəbdir və bu məsələ indiyədək həll edilməmişdir. Bəzi tədqiqatçıların etdiyi kimi, türkləşmənin Xİ – Xİİ əsrlərdə baş verdiyini qəbul etmək, səhv olardı (Minorski, V. Caucasica, İV, p.504, yenə onun “İran…. p, 187; Faruk Sümer. Azərbaycanın türkleşmesi tarihine ümumi bir bakış, s. 429-447). Türkləri Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdur, çünki onda, yerli böyük və çox yığcam türk tayfa təşəkküllərinin varlığına göz yumulur.

Türkləşmə prosesi yalnız türk aborigenlərin cənubdan gələn oğuzlar və şimaldan gələn qıpçaqlarla qarışması nəticəsində, bunların assimilyasiyasından sonra başlandı və getdikcə sürətlənib Xİ- Xİİ əsrlərdə qurtararaq, Azərbaycan və Arran ərazisində müasir Azərbaycan millətini əmələ gətirən türkdilli Azərbaycan xalqının təşəkkül tapması ilə nəticələndi.

İndiki Azərbaycan ərazisində türk tayfa təşəkküllərinin varlığını Orta əsr mənbələrinin bilavasitə və dolayısı yol ilə verdiyi məlumat əsasında aydınlaşdırmaq olar. 576-cı ildə külli miqdarda sabir hunları Gəncə (o vaxt ki adı Sakaşen) sahəsinə köçürülmüşdü (Византийские историки, стр. 411-412). Beləliklə də, Kür və Araz çayları arasındakı yerlərdə hunlar ölkəsi əmələ gəlmişdi (Gürcü salnaməsi “Kür çayının axarı ilə dörd şəhərdə və bunların ətrafında qəddar hun-türk tayfalarının” yaşadığını qeyd edir, səh. 1, 5). Ərəb müəllifləri bu hun başçılarını “tarxan” adlandırırdılar (Əl-Bəlazuri, səh. 209; Ət-Təbəri, İİİ, 1179, 1192).    

Hələ V əsrdə indiki Azərbaycan ərazisində məskən salan çox böyük türk tayfa təşəkküllərindən biri Muğanda yerləşmiş hunlar olmuşdur ki, müasirləri olan tarixçilər onları türk adlandırır (Феофилакт Симокагта. История , səh. 36, 77, 102, 160: “O [I Qubad] bizim tariximizin dəfələrlə türk adlandırdığı hunların yanına yanına getdi”. Rəvayətə görə, bu hunlar Muğanın cənubunda Ağhun (ərəbcə Balasaqun) şəhərini salmışlar (Y. Marquart. Eranşahr…., s. 119).

Ermənidilli mənbələrdə hunları xaylantürklər adlandırırlar. İX əsrin ikinci yarısındakı hadisələri qeyd edən Favstos Buzand da Zaqafqaziya zonasında hunların və digər türklərin mövcud olduğunu bildirir: “O zaman Maskut padşahı Sanesan bərk qəzəblənərək, öz qohumu erməni padşahı Xosrova ədavət bəslədi və qoşunların hamısını – hunları, paxları, tavasparları, xeçmatakları, ijmaxları, qotları, qluarları, quqarları, şiçbləri, gilbləri, balasiçləri, yegersvanları və saysız-hesabsız digər müxtəlif köçəri tayfaları, itaətində olan külli miqdarda qoşunları topladı, öz sərhədi olan böyük Kür çayını keçərək erməni ölkəsinə sel kimi basqın etdi. Onlar hücum etdilər və bütün erməni ölkəsini boğdular, dağıtdılar, hər yerə doluşdular, ölkəni tamamilə viran etdilər və kiçik Satal şəhərinədək Atrpatakan hüdudundakı Qandzakadək bütün ölkəyə yayıldılar (Ф. Бузанд. История Армении, стр. 15; Л.M. Melikset-Bek. Sitat gətirilən əsəri, səh. 712).

Azərbaycan və onunda qonşu vilayətlər ərazisində türk tayfa təşəkküllərinin mövcud olduğunun bir sübutu da odur ki, bu tayfalar xəzər basqınları zamanından burada yerləşmişdilər. Məlum olduğu kimi, Xəzər xaqanlığı tərkibində türkdilli tayfalar böyük yer tuturdular, xəzərlərin özləri də, yəqin ayrıca bir türk qrupuna mənsub idilər (V. Minorsky. A History of Sharvan and Darvand, p. 17). Orta əsr ərəb tarixçilərinin demək olar ki, hamısı çox vaxt xəzərləri türk adlandırır. Sasani padşahı Qubadın hökmdarlığının son illərinədək Şimali Azərbaycan xəzərlərin əlində olduğu və onların içərisində türklər böyük yer tutduğu üçün (Əl-Bəlazuri, səh. 194;  əl-Yəqubi, İ. Səh. 203; İbn Fəqih, səh. 287; İbn Xodadbeh, səh. 222)  ərəblər çox vaxt bu ölkələri Azərbaycanla birlikdə “Xəzərlər ölkəsi” adlandırırdılar  (Əl-Bəlazuri, səh. 194; ət-Təbəri, İ. Səh. 884). İbn Əsam əl- Kufi bildirir ki, Araz vadisində Beyləqan və Varsan zonasında türk dili yayılmışdı (İbn A’san al-Kufi- Kitab al-Futuh. Topkapı nusbasi).

Orta əsr müəlliflərinin Varsan haqqında verdiyi məlumat xüsusilə qiymətlidir (Mirəli Seyidov. “Varsan” sözü haqqında, səh. 175-185). Erməni mənbələrində, müxtəlif lüğətlərdə, qədim tarixlərdə “varsan” sözü (varsak, varsaz) müxtəlif şəkildə izah edilir. Mənbələrdə “varsak” sözü yer adını, türk tayfasını və bu tayfaya aid əşyanın adını bildirir. “Şəms əl-lüğət” müəllifi “varsan” sözünü izah edərkən qeyd edir ki, Xİ əsrdə yaşamış şair Cəbəli deyir:  “Sən Varsana çoxlu ordu və böyük qoşun çəkdin”. “Fərhəng-i Cahangiri” də eyni izahatı verir: “Varsaz ter adıdır”. “Bürhan-i qati” lüğətinin müəllifi “varsaz” sözünü “yer adı, yer və vilayət adı” kimi izah edir. Gördüyünüz kimi, bütün bu mənbələr “varsaz” sözünün mənasını ölkə, vilayət və yer adı kimi müəyyən edir.

Bəs bu hansı ölkə, viləyət və yerdir? Ziya Bünyadovun fikrincə, mənbələrdən təsadüf edilən “varsan” sözü bizim “varsaz” la əlaqədardır. Şəmsəddin Saminin lüğətində deyilir ki, “Varsan” – bütün Azərbaycana və ya onun bir hissəsinə verilən addır (Şəmsəddin Sami. Qamus əl-Əlam, cild Vİ, İstanbul, 1312 h, səh. 4683). Bu izahat ərəb müəlliflərinin Varsan haqqındakı məlumatı əsasında verilir. Beləliklə, mənbələrin verdiyi məlumata əsasən, Varsan ölkəsinin adı həm “Varsaz”, həm də “Varsak” şəklində oxunurdu. “Varsak” sözünün ikinci mənasına gəldikdə, qeyd etmək lazımdır ki, mənbələrdə bu söz tayfa və qəbilə mənasında da işlədilmişdir. V.V.Radlov “Varsak” sözünü izah edərkən, onun digər mənalarından başqa, üeyd edir ki, bu söz “tatar”, yəni türk tayfalarından birinin adını “bildirirdi” (Раздов, В.В. Опыт словаря тюркских наречий, том İV,  стр. 1961). “Türkçə-fransızca lüğət”in müəllifi Diran Kelekyan “Varsak” sözünü “tatar tayfası” adlandırır (Dictionnaire turk-francaus, p. 1299).

Sonrakı dövlət təşəkkülləri – Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və sairə tarixinin tədqiqatçıları da eyni fikri irəli sürürlər. Türk (xəzər) ünsürlərinin sürətlə yayılmasından və İrana tabe olan torpaqları tuta biləcəklərindən narahat olan  İ Xosrov Ənuşirəvan Azərbaycanı və Cənubi Qafqazı xəzərlərin əlindən aldı, Sasanilər imperiyasının sərhədlərini Dərbəndədək uzatdı, bu ölkələrdə türklərin təsirini azaltmaq üçün dərhal burada etibarlı İran qarnizonları yerləşdirməyə başladı, siyasici tayfasını buraya, soqdi tayfasını isə Tiflis rayonuna köçürdü. Bundan başqa, qeyd etdiyimiz kimi, xəzərlərin Arrana və Azərbaycana basqınları, Arranda onların uzun illər boyu davam edən ağalığı bir daha təsdiq edir ki, ərəblərin hücumundan hələ çox əvvəl burada çoxlu türkdilli ünsürlər var idi.

Beləliklə, Azərbaycan və Arranın türkləşməsi prosesi, ərəblər siyasi səhnəyə çıxmazdan çox əvvəl, hələ Sasanilər imperiyası daxilində başlamışdı. Ərəblərin Azərbaycanı istila edib burada məskən salmaları əvvəllərdə bu prosesi dayandırdı, lakin az sonra ərəblərlə türklərin assimilyasiyasının başlanması bu prosesi sürətləndirdi; həm də o dərəcədə ki, cəmi yüz ildən sonra bu proses çox geniş vüsət aldı.

Gördüyümüz kimi, ərəblər Azərbaycanı və Arranı istila edərkən bu ərazidə türk tayfalarna rast gəlmişdilər. Ərəb mənbəyində ərəblərin istilasından əvvəl Azərbaycanda türklərin yaşadığı haqqında məlumata rast gəlirik. Rəvayətə görə, Əməvi xəlifəsi Müaviyə bir dəfə qədim tarix bələd olan yəmənli Abid ibn Şariyəyə belə sual verir: “Türklər və Azərbaycan nə deməkdir?” Abid cavab verir: “Azərbaycan – qədimdən türklərin yaşadığı ölkədir” (İbn Hişam. Kitab ət-Tican. Heydərabad, səh. 8, 402, 436. Togan A., Zeki Validi. Umumi türk tarihinə giriş, səh. 166; Kirzioglu M. Fahrettin. Dede-Korkut Oguznameleri, səh. 27). Bu imzasız əsər müəllifi, Himyari padşahlarından biri olan Raiş haqqında məlumat verərkən deyir ki, bu ölkə tüklərin əlindəddir (Mücməl ət-təvarx və -l- qisəs, səh. 154).

Türklərin Azərbaycana köçməsi ərəblərin dövründə də kəsilmirdi. Məsələn, (artıq müsəlman olan) türk əmirlərindən biri Mübarək ət-Türki Qəzvində bir qala tikdirib ona öz adını qoymuşdur (İnb əl- Fəqih, 252).

Azərbaycanda ərəblərin yerli türklərlə Əməvilər dövründə başlanan assimilyasiyası Abbasilər xilafətində daha da gücləndi.         

Mənbələr:

Bünyadov, Ziya (1989). Azərbaycan Vİİ- İX əsrlərdə. Bakı. Azərnəşr.

Buzand, F. Ф. Бузанд. История Армении. Erməni dilindən tərcümə edən M.A. Gevorgyan. Yerevan, 1953.

Deminski. F. A. Деминский, Ф.А. Некоторые сведения о Кабристанском участке Шемахинского уезда Бакинской губернии. Зап. КОИРГО, кн. ХХİİ, 2, Тифлис, 1901.

Genko, A. N. «Арабский язык и кавказоведение». Труды второй сессии Ассоциации арабистов. Л., 1938

Жузе, П.Л. Арабские племена в Закавказье. Тифлис, 1937

Зейдлиц, Н.К. Этнографический очерк Бакинской губернии. Кавказский календарь за 1871 г.

Ляйстер, А.Ф. и Чурсин, Г. Ф. География Закавказья. Тифлис, 1929.

Месxиа, Ш. А. Из истории грузинского феодального города İX -Xİİ вв. Труды Ин-та истории АН Груз. ССР, т. İİ, 1956.

Minorsky, V. Caucasica, İV. BSOAS, XV/3, 1953.

Minorsky, V. A History of Sharvan and Darvand. London, 1958

Раздов, В.В. Опыт словаря тюркских наречий, том İV. СПб., 1905

Seyidov, Mirəli. ”Varsan” sözü haqqında. Azərb. SSR EA Ədəbiyyat və Dil İnstitutunun əsərləri, c. Vİİ, Bakı, 1954.

Vəliyev, M.H. (Baharlı). Население Азербайджана – ”музей” этнографических сокровищ. Азерб. настольный календарь. Баку, 1924-1925.

Lämna en kommentar